Hamam ölkəmizdə hər zaman gigiyenik, təmizlik, paklıq, eyni zamanda istirahət məkanı hesab olunub.
APA TV-nin məlumatına görə, məhz ona görə də Azərbaycanın bütüm bölgələrində tarixi hamamlara rast gəlmək mümkündür. Belə hamamlardan biri də yeddi əsrin şahidi olan Nardaranın qədim “Xan hamamı”dır.
1388-ci ildə şirvanşah əmiri Xacə Zeynəddinin sifarişi ilə memar Güştasif ibn Musa tərəfindən inşa olunan tikiliyə kənd sakinləri “Qum hamamı” da deyirlər. Onların sözlərinə görə, hamam düz bir əsrdir ki, fəaliyyət göstərmir.
Bir-biri ilə əlaqəsi olan iki ayrı otaqdan ibarət olan hamam əvvəllər saxsı borular vasitəsilə isti və soyuq su ilə təmin olunub. Suyun qızdırılması zamanı yaranan isti hava axını daş döşəmələrin altından keçən kanallara buraxılıb. Bu yolla hamamın həm otaqları, həm də döşəməsi isidilib.
Hamamın günbəzlərinin mərkəzində saxlanılmış xırda oyuq, günbəz formalı fənərlər isə hamamın daxilinin işıqlandırılmasına xidmət edib.
Şirvan-Abşeron memarlıq məktəbinin nümunələrindən hesab olunan tarixi abidə hazırda zibilliyi xatırladır. Daxilinə və ətrafına atılan tullantılar, abidəni hər tərəfdən mühasirəyə almış alaq otları, hamamın otaqlarına daxil olmağımıza imkan vermədi.
Müşahidələrimiz onu göstərdi ki, Şirvanşahlar dövrünün yadigarı olan tarixi “Xan hamamı” tamamilə qəzalı vəziyyətdədir. Aidiyyəti qurumlar məsələni nəzarətə götürməsə bu tikili tarixin yaddaşından birdəfəlik silinə bilər:
Nardaranda Şirvanşahlar dövrünə aid digər bir tarixi abidə isə Şirvanşahların yay iqamətgahıdır. Yerli əhalinin “Xan bağı” adlandırdığı bu tikilinin XV əsrin əvvəllərində inşa olunduğu iddia olunur.
İddia olunur ki, yerli əhalinin Şirvanşahların Nardarandakı yay iqamətgahına “Xan bağı” deməsi Bakı xanlığının adı ilə bağlıdır. Yəni Şirvanşahlardan sonrakı dönəmlərdə Bakı xanları da buranı istirahət məkanı kimi istifadə ediblər.
Dənizin sahilindən 2 km məsafədə yerləşən tarixi abidə Nardaran kəndinin şimali-şərq hissəsində yüksək qumsallıqda yerləşir. Monumental tikilinin memarlıq-plan quruluşu kvadrat əsaslı olmaqla, tərəflərinin ölçüləri 14 m-ə bərabərdir. Binanın mərkəzində isə böyük hovuz var.
Tarix abidənin pəncərələri Bakı-Abşeron memarlıq üslubuna xas olan xüsusi ornamentlərlə bəzədilib. Kənd sakini İslaməli Əliyev deyir ki, “Xan bağı” XV əsrin əvvəllərində İbrahim Xəlilullahın sifarişi ilə inşa olunub: “Nardaran ərazisi hökmdarlar üçün maraqlı bir ərazi olub. Yəni kəndin torpağının münbit olması, ərazinin təmiz havası əksər hökmdarları zaman-zaman bura cəlb edib. Bu gördüyünüz bina ki var, bu tikiliyə “qənədxuna”, yəni “yan ev” ev də deyirlər. Bu binanı şirvanşah I İbrahim Xəlilullah tikdirib. O vaxt buranı bağ kimi istifadə ediblər. Yay aylarında şah ailəsi ilə bura köçüb dincələrmiş. Nardaran kəndində ilk zeytun ağacını da ilk dəfə onlar gətirib əkiblər. O ağaca elə “baba zeytun” deyirlər. Bu ağacın bir tarixçəsi var. Baba zeytun bura elə “Xan bağı” inşa olunan ildə əkilib”.
İslaməli Əliyevin sözlərinə görə, qədimdə Xan bağının ətrafında eynən “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində olduğu kimi yaşayış binaları, hamamlar və yeraltı yollar olub: “I İbrahim gəlib Nardaranda dəfn olunmuş peyğəmbər övladlarının məzarları üstündə 2 məqbərə tikdirib. Bu məqbərələr indi də qalıb və Nardaran pirinin aşağı hissəsində yerləşir. Burada şirvanşahların başqa yaşayış binaları da olub. Onlardan yeraltı tağlar elə indi də qalıb. Onların burada hamamları və digər məişət otaqları mövcud olub. Burada qədimdə indiki İçərişəhər kimi böyük bir yaşayış kompleksi olub. Sonra qaldı camaatın ümidinə, baxanı olmadı. Sovet dövründə isə bu ərazi kolxozlaşdırdılar. O dövrdə isə bu abidələrin heç baxanı olmadı. Son 30-40 ildə köhnə abidələrlə maraqlanırlar. Gəlib buraları çəkib göstərirlər, yaşlı insanları danışdırırlar”.
Qeyd edək ki, bu tarixi abidələrdən başqa qəsəbədə XIV əsrə aid edilən Nardaran qalası, 1681-ci ildə səfəvilər tərəfindən inşa olunmuş karvansaray, qədim su ovdanları, Nardaran mayakı, tarixi məscidlər, türbələr və köhnə qəbiristanlıqlar da daxil olmaqla 20-dən çox tarixi abidə var.
Müxbir: Həmidağa Məcidov (Hamid Majidov)
Operator: Əli Ələkbər (Ali Alakbar)
APA TV