Rəhimə xanım ziyarətgahı

Abidənin adı: “Rəhimə xanım ziyarətgahı” (Nardaran piri)

Abidənin ünvanı: AZ1097, Bakı Şəhəri.Sabunçu rayonu, Nardaran kəndi. N.Əsgərov küç

Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi

Inventar: № 136

Kartoqrafik təqdimat:

Abidənin tikinti tarixi: 1363-1364-cü illər

Əsr: XIV

Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair məlumatlar: Yerli camaatın verdiyi məlumata görə, Nardaran piri miladi tarixilə VIII əsrə aiddir. Bu pir-kompleks Nardaran kəndinin şimal hissəsində yerləşir. Pirdə Həzrət İmam Rzanın (ə) bacısı Rəhimə xanımın qəbri yerləşib. O, Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən Peyğəmbər övladlarından biridir. Həzrət Rəhimə xanım Həzrət Peyğəmbərimizin nəvəsi olmaqla, VII İmamımız Həzrət Museyi Kazım əleyhissəlamın qızı, Həzrət İmam Rza əleyhissəlamın bacısıdır. Atası və qardaşı şəhadətə yetişəndən sonra IX əsrdə xəlifə Məmunun zülmündən qaçıb iki bacısı ilə Azərbaycanın Nardaran kəndinə sığınmışdır. Bugünkü günə gəlib çatan məlumatlara görə Rəhimə xanım Nardaranda Mirabdulla adlı bir şəxslə ailə həyatı qurmuş, bu nikahdan bir övladları olmuşdur. Bu ailənin hər üç üzvünün – Rəhimə xanımın, Mirabdullanın və övladının qəbirləri Nardaran kəndindəki ziyarətgahdadır. Deyilənə görə, Rəhimə xanımın əsl adı Fatimə olub. Qeyri-adi qabiliyyətə, insanlara şəfavermə bacarığına malik olan Rəhimə xanım yаnınа gələn хəstələri təkcə öz kərаməti ilə dеyil, həm də təbаbət еlminin və öz əlləri ilə tоplаdığı dərmаn оtlаrındаn hаzırlаdığı məlhəmlərin köməyi ilə sаğаldırmış. Həddindən artıq rəhmli və şəfa verən olduğundan, yerli əhali onu Rəhimə xanım adlandırırmış. Deyilənlərə görə, Rəhimə xanım çox erkən – 20-22 yaşlarında vəfat edib. Vəfatından sonar əhali bu оcаğı müqəddəs hesab edərək onun məzаrını ziyаrətgаhа çеviriblər. Rəhimə xanımın qəbrinin üzərində hələ ta qədimdən türbə mövcud olmuşdur. Türbənin üzərindəki kitabəni etnoqraf alim Məşədixanım Nemət bu cür tərcümə etmişdir: “Bu mübarək məscidin, Allahın evinin bina olunmasına hacıların seçilmişi, dövrün yeganəsi, Böyük sədr Xacə Hacı Həmzə ibn Qutlu Mahmud Şahabadi – Allah onun müvəffəqiyyətini əbədi etsin – yeddi yüz altmış beşinci ildə əmr etmişdir” (Miladi: 1363- 1364). Kitabədə adı çəkilən Xacə Hacı Həmzə Şirvanşahlar dövlətində baş sədr vəzifəsində işləmişdir. Bu vəzifə dövlətdə şirvanşahdan sonra üçüncü şəxsiyyət hesab olunurdu. Həzrət Rəhimə xanım və onun ailə üzvlərinin qəbirləri üzərində tikilmiş məscid binası əsrlər boyu qum altında qalmış, yalnız 1950-ci ildə tapılaraq qum altından çıxarılmışdır. İlk əvvəl bina iki otaqdan ibarət olmuşdur. Düzbucaqlı plana malik əvvəlinci otaq (5,80 x 3,20 x 2,53 m) məscidə aiddir. İkinci tağ tavanlı otaq (2,75 x 2,75 x 2,53) isə türbə binasıdır. Türbənin başqa yerdən qapısı yoxdur. Buraya ancaq məsciddən açılan çatmatağlı qapıdan (1,13 x 0,58) daxil olunur. Məscidin tağlı qapısı (1,20 x 0,59 m) eşmə ilə, kiçik baştağı isə sadə həndəsi naxışlarla haşiyələnmişdir. Qapı üzərindəki iki parça əhəng daşında (1,07 x 3,9) kufi elementli süls xətti ilə kitabə həkk olunmuşdur. 1994-cü ildə Nardaran əhalisindən toplanmış vəsait hesabına qədim türbənin üzərində ikinci mərtəbə inşa edilib.